23 fevral 2021 14:32
489

Millət vəkili şəhid ailələri və seçicilərlə təmasları davam etdirir FOTO

Milli Məclisin deputatı Könül Nurullayeva seçiciləri ilə təmasları davam etdirir.

"İki sahil" xəbər verir ki, həftə ərzində, ümumilikdə 35 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətlərinə baxılıb. 21 nəfər canlı, 2 nəfər isə onlayn şəkildə baş tutan qəbulda dinlənilib.

Görüşlər zamanı məlum olub ki, vətəndaşları ən çox narahat edən problemlər məşğulluq, binalarda təmir-abadlıq işlərinin aparılması və sosial təminat məsələləridir. Hər zaman olduğu kimi, bu dəfə də hər bir vətəndaşın müraciəti qeydə alınıb. Qısa zamanda sözügedən müraciətlər müvafiq qurumlara yönləndiriləcək.

Eyni zamanda Bakı şəhəri Nizami rayonunun 31 şəhid ailəsi ilə telefon bağlantısı yaradılıb. Onların ehtiyacları, qayğıları ilə bağlı qeydlər götürülüb. K.Nurullayeva bildirib ki, şəhid ailələrini narahat edən məsələlərin də həlli istiqamətində tezliklə müvafiq addımlar atılacaq: “Hər bir vərəndaşın, xüsusilə şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılır. Onlarla mütəmadi qaydada təmasdayıq. Götürdüyümüz qeydlər üzrə bundan sonra da lazımi addımlar atılacaq”.