23 fevral 2021 13:31
501

Postpandemiya dövrünə keçid planı hazırlanır

Türkiyənin Nazirlər Kabinetinin COVID-19-la əlaqədar növbəti iclasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamalarına əsasən, martın birindən etibarən ölkədə virusla bağlı qadağaların yumşaldılması gözlənilir.

"İki sahil" xəbər verir ki, yumşaldılma tədbirləri çərçivəsində təlim-tədris prosesi, o cümlədən ali təhsil müəssisələrinin ənənəvi təhsilə keçməsi, həftəsonu və yaş həddinə görə qadağaların yumşaldılması, kafe, restoran və bu kimi digər ictimai-iaşə obyektlərinin açılması nəzərdə tutulur.

Mərhələli normallaşma prosesi ilə bağlı hazırlanan yeni yol xəritəsinə əsasən, bir sıra qurumların, o cümlədən ali təhsil müəssisələrinin daxili qərarlar əsasında ənənəvi fəaliyyətə keçməsi gözlənilir. Bu qərarlar vilayətlərdə yoluxma hallarının “az”, “orta”, “yüksək” və ya “çox yüksək” olması əsasında veriləcək.

Ölkədə postpandemiya dövrünə keçid prosesi şəhərdəki xəstəxanalarda, eləcə də reanimasiya şöbələrində yatan və süni nəfəs cihazına bağlı xəstə, yoluxma, test sayları və bölgədə 10-14 gün ərzində yoluxma sürətinə əsasən, sosial məsafə qaydaları çərçivəsində aparılacaq.