19 fevral 2021 18:06
816

Siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb

Dövlətimizin başçısı İlham Əliyevin «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında» Anlaşma Memorandumunun təsdiq edilməsi barədə» Qanunu təsdiqləməsi ilə yaradılacaq  Azərbaycan-Türkiyə Birgə Media Platforması informasiya mübarizəsinin getdiyi hazırkı dövrdə  beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılmasına və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasına böyük dəstək olacaq  

Bu gün ölkəmizə hazırkı reallıqlarına hansı tərəfdən nəzər salsaq, görərik ki, 30 il həsrətində olduğumuz Zəfər sevincimizdən bəhs etməmək mümkünsüzdür. Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, bunun nəticəsi olaraq digər sahələrdə, xüsusilə ordu quruculuğu istiqamətində atılan əhəmiyyətli addımlar və onların uğurlu nəticələri, xalqımızın birliyi, həmrəyliyi, ölkə Prezidentinin ətrafında dəmir yumruq kimi birləşməsi, hər bir Azərbaycan vətəndaşında torpaq, Vətən sevgisi, hər an Müzəffər Ali Baş Komandanın «hücum» əmrinə hazır olması, eyni zamanda, münaqişənin həllində möhkəm hüquqi bazanın yaradılması, dost ölkələrin mənəvi dəstəyi və sair kimi amillər Zəfərimizi 44 günlük İkinci Qarabağ müharibəsində reallaşdırdı. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Azərbaycanın bu şanlı Qələbəsinin sevincini dost, qardaş Türkiyə bizimlə birgə yaşadı. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutduğu, Azərbaycan Ordusu dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əlievin «İrəli!» əmrini verdikdən sonra əks-hücum əməliyyatlarına başladığı andan qardaş Türkiyə Azərbaycana sözün əsl mənasında qardaş dəstəyini göstərdi. Bu birlik, həmrəylik yalnız bugünümüzün reallığı deyil, illərin sınağından keçən, dünyaya nümunə olan bir birlikdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir. Onların birliyi regionda sabitliyin, təhlükəsizliyin təminatı, qarantı kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradındakı nitqində də bu fikirləri böyük fəxr və qürur hissi ilə bildirmişdir ki,  Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt bəyanatları Azərbaycan xalqını çox sevindirdi. Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki,  Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk. 44 günlük müharibə dövründə bir an da olsa Azərbaycanı tək qoymayan, dünyaya sərt mesajlarını ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında da dövlətimizin başçısı İlham Əliyevlə çiyin-çiyinə dayanması, böyük sevinc hissi ilə iştirakı bir daha dünyaya mesaj oldu.  Səfər çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata açıqlamalarında, həmçinin sənədlərin imzalanması ilə bağlı səsləndirilən fikirlərdə bir daha qarşıdakı dövrün reallıqları  fonunda bu birliyin qüdrətini aydın şəkildə görmək mümkündür.   Cənab İlham Əliyevin «Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq» fikirlərinin ardınca «Həqiqətən 44 günlük bir müharibədən sonra ortaya çıxan nəticə Azərbaycandakı qardaşlarımı necə sevindirdisə, eyni dərəcədə Türkiyədəki qardaşlarını da sevindirmişdir. Bu, istər şəxsimizdə, istər bütün millətimizin şəxsində yaşanan bir sevincdir. İstər hökumətimiz olaraq, istərsə də parlamentin böyük bir qismi olaraq bu sevinci bərabər yaşadıq. Bu sevincə xüsusilə də yazılı, görüntülü medianın da böyük bir qismi eyni dərəcədə qatıldı və bu Zəfəri birlikdə daim qeyd etdilər, mesajlarını da bu istiqamətdə çatdırdılar» söyləyərək atılan imzaların əslində simvolik imzalar olduğunu, atılacaq daha çox imzaların varlığını ifadə etməsi  bu birliyin bugünümüz və gələcəyimiz üçün yaratdığı əminliyin necə qürurverici olduğunu nümayiş etdirir. 

Bugünümüzün əsas çağırışlarından biri müasir dövrün imkanlarından maksimum istifadə edərək İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri, Azərbaycanın yalnız bölgəni deyil, dünyanı erməni faşizmindən xilas etdiyini, 30 ildə ölkəmizin hansı vəşhi ilə üz-üzə olduğunu  bir daha dünya ictimaiyyətinə çatdırmaqdır.   Dövlətimizin başçısı İlham Əliyevin 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrinin hər biri həqiqətlərimizin,  erməni yalanlarının əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq üçün zəngin mənbədir.  Hər bir müsahibə özlüyündə bir təbliğat, həqiqətlərə həqiqət gözü, ədalət prinsipindən yanaşmağa bir  çağırış idi.  Ölkə Prezidentinin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı heç kimdə onun dediklərinə şübhə yeri qoymurdu.

Dövlətimizin başçısı İlham Əliyev daim bu mühüm amili önə çəkir ki,  döyüş meydanında Qələbənin əldə edilməsində  informasiya müharibəsində Qələbəmiz əhəmiyyətli rol oynadı. Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu döyüş meydanında qələbəyə geniş yol açdı. Azərbaycan dünyaya göstərdi ki, o torpaqlar Azərbaycanındır, Azərbaycan Ordusu öz ərazilərimizdə ədaləti bərpa etmək üçün döyüşdü və qalib oldu.

Hər bir yazımızda qeyd etdiyimiz bu mühüm məqamı yenə də təkrar bildirmək istərdik ki, İkinci Qarabağ müharibəsi  həqiqət anı oldu. Bu kimi həqiqət anları daim münasibətlərə yenidən baxmağı və düzgün ümumiləşdirmə aparmağı bir zərurətə çevirir. Dövlətimizin başçısı İlham Əliyev 44 günlük müharibə dövründə nə qədər təzyiqlərə, müharibənin dayandırılması ilə bağlı çağırışlara baxmayaraq mövqeyindən bir addım da belə geri çəkilmədi. Müharibəni hansı şərt daxilində dayandırmağın mümkünlüyünü ilk gündən Ermənistana və ona dəstək  verənlərə çatdırdı.

Rəsmi Ankara daim  bəyanatlarında ərazi bütövlüyü prinsipinin əsas olduğunu önə çəkərək, bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasında maraqlı olduğunu bildirir. Türkiyə Prezidenti R.T.Ərdoğan bu mühüm məqamı da hər zaman bəyan edirdi ki,  Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir: “Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir.”

Türkiyə-Azərbaycan birliyinin təzahürlərindən olan Qələbə Günümüz, Zəfər paradı, Türkiyə Prezidentinin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər  iki ölkənin münasibətlərinin hazırkı səviyyəsinin təqdimatıdır.  Müasir dövrün  informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində Azərbaycan və Türkiyə  diaspor təşkilatlarının birgə fəaliyyəti ilə yanaşı, medianın da üzərinə böyük məsuliyyət düşür. Danılmazdır ki,  44 günlük müharibə dövründə Azərbaycan  mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdilərsə, Türkiyə mətbuatı da eyni qaydada hərəkət etdi. 44 günün hər anı qəzetlərin manşetini bəzədi. Türkiyə televiziya kanalları vasitəsilə həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən uzaq məntəqələrimizi, iki dəfə Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutub mülki əhalinin həlak olmasına, yaralanmasına, çoxsaylı dağıntılara səbəb olan terror aktlarını törətməsi Türkiyə vətəndaşları tərəfindən  kədərlə, üzüntü ilə qarşılandığı kimi, qardaş ölkə  mətbuatının səhifələrində də erməni vəhşiliklərinə son qoymaq üçün dünyaya çağırışlar edildi. Türkiyəli jurnalistlərin terror aktlarının baş verdiyi  ərazilərdə çəkilişlər etməsi və beynəlxalq aləmə təqdim etməsi də Azərbaycana dəstəyin ifadəsi idi. Bir sözlə,     Türkiyə mediasını izlədikcə  birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava cəbhədən gələn  Qələbə xəbərlərinin, Zəfər paradının  təqdimatında da özünü qabarıq şəkildə büruzə verirdi.

Dövlətimizin başçısı İlham Əliyevin «Bir millətin iki diasporu ola bilməz» tezisinə uyğun olaraq  Azərbaycan və Türkiyə diaspor təşkilatları dünyanın müxtəlif ölkələrində birgə təşkil etdikləri tədbirlərdə,  aksiyalarda ermənilərin çirkin əməllərini və dünyanın bunlara göz yummasını əsaslı şəkildə beynəlxalq ictimaiyyətə çatdırırlar. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bəzi dairələrin Azərbaycana və Türkiyəyə qarşı irəli sürdüyü əsassız iddiaları yada salmaq kifayətdir. Türkiyənin üçüncü tərəf kimi müharibədə iştirakını iddia edən işğalçı Ermənistan və ona havadarlıq edənlər öz çirkin niyyətlərini qabarıq şəkildə büruzə verirdilər. Təbii ki, məqsəd müharibəyə üçüncü tərəfin cəlb edilməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə zərbə vurmaq idi. Dövlətimizin başçısı İlham Əliyev xarici KİV-lərə bütün müsahibələrində Türkiyənin Azərbaycana mənəvi dəstəyini önə çəkərək, ordumuzun malik olduğu imkanların müharibəni aparmağa və qalib olmağa əminlik yaratdığını bildirirdi. Müsahibələrə diqqət yetirsək görərik ki, qərəz dolu təxribat xarakterli suallar dövlətimizin başçısı İlham Əliyevin sərrast və məntiqli cavabları həmin jurnalistlərə böyük dərs olurdu: « İndi xarici mətbuat da, Azərbaycan xalqı da görür ki, mən bütün bu suallara cavab verirəm və necə lazımdır. Onların səviyyəsinə də düşmürəm. Heç vaxt. Necə lazımdır cavab verirəm də, susurlar da. Çünki cavab verə bilmirlər. Deyirəm get güzgüyə bax, sən burada bizi ittiham etməyə gəlmisən? Sual vermir. Elə bil ki, prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Buna görə ondan istifadə edirlər. Mən onlarla belə mülayim tərzdə danışıram. Amma bilirlər ki, istənilən formada danışa bilərəm onlarla. Bax, budur reallıq. Bizə qarşıdır bu reallıq. Amma biz reallığı dəyişdirdik.»

Azərbaycanla Türkiyə arasında  bütün sahələrdə əməkdaşlıq  media istiqamətində də bir zərurət kimi  gündəmə gəldi. Ötən il    Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Cümhuriyyətinə səfəri bu baxımdan mühüm əhəmiyyət kəsb etdi.   Səfərdə əsas məqsəd Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirmək idi.  Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud  əlaqələrin inkişafında yeni  bir səhifə kimi dəyərləndirilir. Ötən ilin dekabrında   Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etmək məqsədilə ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər arasında «Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında» Anlaşma Memorandumu xüsusi yer tutdu.  Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev « Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında» Anlaşma Memorandumunun təsdiq edilməsi barədə» Qanunu təsdiqlədi.   Qanuna əsasən, Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılacaq.  Məqsəd əvvəldə də qeyd etdiyimiz kimi,  Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində  iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması media sahəsində bilik, təcrübə və mənbələrin paylaşması, iki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması, beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması, kino və televiziya sahəsində ortaq işlərin həyata keçirilməsi, müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması, iki ölkənin mətbuat nümayəndələri arasında  rabitə körpüsünün qurulması və sair kimi  üsullarla həyata keçiriləcək.  Sənəddə  o da bildirilir ki,  Anlaşma  Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında  media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiyası yaradılacaq.

Yeganə Əliyeva, «İki sahil»