KÖŞƏ

Vəli İlyasov

Təki ayaqlarımız altında mina partlamasın…

12 fevral 2021 17:15
1186

44 günlük Vətən müharibəsi qalibiyyətlə başa çatandan sonra işğaldan azad edilmiş yaşayış məntəqələrimizdə tikinti, təmir, bərpa, yenidənqurma və əkin sahələrində kənd təsərrüfatı işlərinin aparılması üçün ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Bu zonalara icazəsiz səfər edənlərin minaya düşmələri nəticəsində ölən və yaralananların olması bir daha minatəmizləmə işinin nə qədər vacib olduğunu göstərdi. Bu işin çətinliyi ondadır ki, işğalçı erməni hərbi birləşmələri geri çəkilərkən ərazilərimizi minalayıblar və minalanmış yerlərin xəritəsini bizə vermək istəmirlər. Ermənistan Müdafiə Nazirliyinin aidiyyəti əməkdaşları qurumda baş verən qarışıqlıqları bəhanə gətirərək vaxtı uzatmağa çalışırlar. Ancaq bizim müvafiq qurumlar onları gözləmirlər. Müharibənin ilk günlərindən düşmən geri çəkildikcə istehkamçılarımız bu işlə məşğul olurdular. Döyüşçülərimizin söylədiklərinə görə, erməni vandalları bəzi yerlərdə hətta öldürülən soydaşlarının cəsədləri altına da mina bağlayıblar.

Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin qrupları  tərəfindən mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır. Agentlikdən verilən məlumata görə, Bərdə-Ağdam, Füzuli-Zəngilan dəmir yolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Qubadlı, Ağdam və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan  təmizlənməsi əməliyyatları davam edir.

Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.

Sentyabrın 27-dən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 15 075 602 kvaratmetr  (1 507 hektar) ərazi yoxlanılıb, 8 972 ədəd piyada və tank əleyhinə minalar, 6 569 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib. Son günlərdə minatəmizləmə işlərində xaricdən alınıb gətirilmiş xüsusi texnikadan da istifadə olunur.

Qeyd etməliyik ki, Türkiyə və Rusiya sülhməramlılarının tərkibində minatəmizləyənlər bu işdə azərbaycanlı həmkarlarına kömək göstərirlər. Türkiyəli minatəmizləyən qruplar əsasən Zəngilan, Qubadlı, Ağdam istiqamətlərindəki təhlükəli zonaları zərərsizləşdirirlər. Rusiyalı minatəmizləyən hərbçilər isə Laçın və  Ağdərə rayonları ərazilərində yüz hektarlarla ərazidə partlamamış minalar, top, raket mərmiləri, patron və digər partlayıcı maddələri aşkar edərək zərərsizləşdiriblər. Artıq təhlükəsizliyin təmin edildiyi bəzi ərazilərdə şumlama və taxıl əkini aparılıb. Yaz fəslində kənd təsərrüfatı əkinlərinin miqyası daha da genişləndiriləcəkdir.

Agentlik bir daha xəbərdarlıq edir ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

Yaxşı olar ki, soydaşlarımız tələsməsinlər, təhlükəsizlik tədbirləri başa çatandan sonra öz doğma ocaqlarına qovuşarlar. Necə deyərlər, təki ayaqlarımız altında mina partlamasın…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?