04 fevral 2021 14:38
1039

Başımız üstündə parlayan günəş, Sən rahat uyu!

Ağa Əmi Elçin oğlu Heybətov 06 iyun 1993-cü il Bakı şəhəri Buzovna qəsəbəsində dünyaya göz açmışdır. Ailədə 5 nəfərdən ibarət olan Şəhidimiz  iki bacının bir qardaşı idi.  Atası Heybətov Elçin Ağa Əmi oğlu, anası Heybətova Svetlana Cavanşir qızı, bacıları Heybətova Həliməxanım Elçin qızı və Heybətova Kamalə Elçin qızı.  Baba adı daşıyan  Ağa Əmi evin 3-cü övladı idi. Ağa Əmi uşaqlıq illərindən bəri hər kəsin sevimlisi olmağı bacarmışdır.   Ağa Əmi Buzovna qəsəbəsi, Əfqan Əliyev adına 125 nömrəli tam orta məktəbdə təhsil almışdır. O  həmin məktəbin 2000-2011-ci il məzunlarından idi. Orta məktəbdə də müəllimlərinin sevimlisi olmağı bacarmışdı. Əla qiymətlərlə oxuduğuna görə 2004-cü ildə "Tərifnamə"ilə təltif olunub, 2004-cü ildə 4-cü sinfi əlaçı bitirdiyinə görə sertifikat, 2006-cı ildə futbol yarışında II yer tutduğuna görə "Fəxri Fərmana" layiq görülüb. Ağa Əmi orta məktəbi bitirdiyi il 2011-ci ildə 375 balla çox arzuludığı Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə (TUDİFAK) qəbul olur. 2015-ci ildə Turizm otelçilik ixtisasını bitirirək diplom alır.

Şəhid Ağa Əmi universitetdəki təhsilini bitirdikdən sonra hərbi xidmətini çəkmək üçün 2015-ci ildə Gəncəyə yollanır. 2016-cı ilin iyul ayının 2-də  həqiqi hərbi xidmətini layiqincə başa vuraraq geri dönür. Ağa Əmi Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, icra etdiyi vəzifəsi isə atıcı idi. 2016-cı ildə könüllü şəkildə Aprel döyüşlərində iştirak edir. Goranboy rayonu Ballı Qaya istiqamətində qəhrəmanlıqla döyüşür. Qeyd edək ki, Ağa Əmi ailə üzvlərindən bu döyüşdəki gizlədir və 4 il sonra Aprel döyüşlərində könüllü  iştirak etməsindən ailə üzvləri çox-çox sonralar xəbərdar olurlar. Komandiri və əsgər yoldaşları arasında da böyük hörmət qazana bilir, Ağa Əmi.

27 sentyabr 2020-ci ildə II Vətən müharibəsi başlayan kimi Ağa Əmi müharibədə iştirak etmək üçün evdən gizlin ordu sıralarına könüllü yazılır. Beləliklə,Şəhid Ağa Əmi Heybətov II Vətən müharibəsinə 29 sentyabr 2020-ci ildə qatılır. Könüllü önə atılaraq Goranboy istiqamətində döyüşür. Şəhidimizin döyüşlər zamanı icra etdiyi rütbə-döyüşçü, vəzifə isə atıcı əsgər olmuşdur. Şəhid Ağa Əmi Heybətov 16 oktyabr 2020-ci il Goranboy rayonu, Ağuçuq istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. 25 oktyabr 2020-ci il tarixində Buzovna qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunur.  Döyüş yoldaşları qeyd edir ki, Ağa Əmi hamımızı ruhlandırmağa çalışar, üzümüzü güldürər, zarafatlarından geri qalmazdı. Hətta döyüşmək üçün mübarizə aparardı ki, önə atılsın. Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən göstərdiyi şücaətə görə "Vətən uğrunda" medalı ilə təltif olunur. Onu da qeyd edək ki, şəhidmizin 3 yaşlı bacısı qızı Mələk deyir ki, mənim dayım Qarabağı aldı və verdi mənə. Bəli, bu gün Qarabağ torpaqlarında Mələk dayısının sayəsində rahatlıqla gəzə biləcək. Başımız üstündə parlayan günəş, Sən rahat uyu!

Röya Rasimqızı, "İki sahil"