28 yanvar 2021 19:51
560

Qazaxıstandan idxal edilən soğanın yararsız olduğu aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Qazaxıstan Respublikasında fəaliyyət göstərən "ТИМУР" fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.

Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və  həmin məhsul partiyasının satışına icazə verilməyib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.