KÖŞƏ

Vəli İlyasov

Antimilli ünsürlər qələbəmizi kiçiltməyə çalışsalar da...

18 yanvar 2021 18:08
526

I Qarabağ müharibəsində Azərbaycanı məğlubiyyətə aparan, torpaqlarımızın işğal altına düşməsinə, onminlərlə soydaşımızın həlak və  şikəst olmasına bais olanlar indi utanıb-qızarmadan ordumuzun Ermənistan silahlı qüvvələri üzərindəki möhtəşəm qələbəsinə kölgə salmağa cəhd göstərirlər. Həmin adamlar müxalifət şineli altında gizlənmiş satqın və xain ünsürlərdir.

Prezident İlham Əliyevin Şuşaya səfərində bu şəhərin, Laçının, Kəlbəcərin, Xocalının və eləcə də digər ərazilərimizin işğala məruz qalmasında AXC-Müsavat cütlüyünün fəaliyyətsizliyini xatırlatması təsadüfi deyil. İyirmi səkkiz il müddətində ərazilərimizin 20 faizi düşmən əsarətində qaldı, şəhər və kəndlərimiz vəhşicəsinə talan olundu, dağıdılıb viran qoyuldu. Buna görə məsuliyyət daşıyan və cavab verməli olan o vaxtkı vəzifəli şəxslərin çoxu antimilli fəaliyyətlərini bu gün də davam etdirirlər. Sosial şəbəkələrdə onların  mövcud situasiya barədə iddialarına diqqət etdikdə heyrətlənməmək mümkün deyil. Sanki hər şeyi qaralamaq, tarixi zəfərimizi gözdən salmaq, ölkənin və xalqın parlaq qələbəsindən qürur duyan vətəndaşların sevincini peşmançılığa çevirmək üçün əllərindən gələn hər şeyi edirlər. Onlar ölkədə pessimist əhval-ruhiyyə yaratmaq üçün bəhanə gəzirlər. Əslində, elə bir bəhanələri də yoxdur. Ona görə də, "qara piar"larının  ssenarisini və məzmununu bir qayda olaraq uydurmaq məcburiyyətində qalırlar. Bununla da guya siyasətlə məşğul olduqlarını düşünürlər. Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Orduxan Teymurxan, Vidadi İsgəndərli, Sevinc Osmanqızı və daha bir neçə bu kimiləri siyasi oyunbazlıqla məşğul olurlar. Şübhəsiz ki,  belə siyasət olmaz. Belə "qara piar" kimsəyə siyasi dividend gətirməz. Çünki ortalıqda inkaredilməz reallıq var. Cəmisi dörd ay əvvəl - 26 sentyabr 2020-ci ildə Azərbaycan ərazilərinin  20 faizi işğal altında idi. İşğal altında olan torpaqlarımızda düşmən "Yallı” gedirdi. İndi "qara piar"la məşğul olanlar da həmin tarixə qədər "Yaxın vaxtlarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı inandırıcı deyil" deyirdilər. Yəni Azərbaycanın belə bir möhtəşm qələbə qazanacağına qətiyyən inanmırdılar.

Ancaq onlar inansalar da, inanmasalar da, nəhəng tarixi reallıq ortadadır. Azərbaycan Prezidenti, xalqı və ordusu parlaq tarixi zəfərə sahibdir. Bu qələbəni isə inkar etmək üçün ən azı bu ölkəyə düşmən olmaq lazımdır. Halbuki, istər ölkəmizin daxilində, istər xaricində yaşayan 50 milyon azərbaycanlı bu qələbəni bugünədək bayram edir. Bizimlə bərabər bir çox xarici ölkələrin nüfuzlu hərbi ekspertləri, siyasətçiləri və politoloqları Azərbaycanın qələbəsinin möhtəşəm olduğunu bildirir, onu dünya dövlətlərinin hərbi strukturlarına nümunə göstərirlər.

Məsələn, Rusiyanın nüfuzlu hərbi eksperti, istefada olan polkovnik İqor Korotçenko II Qarabağ müharibəsi nəticəsində torpaqlarımızın  işğaldan azad edilməsini belə qiymətləndirib: "Prezident İlham Əliyev müasir dövrün ən nəhəng siyasətçilərindəndir. O, öz xalqına verdiyi vədlərin hamısını yerinə yetirib. Azərbaycanın işğal altında olan ərazilərini azad edib, işğalçılar darmadağın olunub və qovulub".

İqor Korotçenkonun fikrincə, Prezident İlham Əliyevin Şuşa səfəri çox önəmlidir : "O, Şuşaya yalnız Prezident kimi deyil, həm də Ali Baş Komandan kimi səfər edib. Çünki Şuşanın alınması 44 günlük savaşın həlledici mərhələsi idi. Məhz bundan sonra Ermənistan ordusunun müqavimət göstərməsinin əhəmiyyəti yox oldu və rəsmi İrəvan kapitulyasiya məcburiyyətində qaldı".

Ancaq təəssüf ki, AXCP sədri Əli Kərimli, antimilli şuranın rəhbəri Cəmil Həsənli və daha bir neçə nəfər guya müxaliflik edərək dezinformasiya ilə məşğul olur, Prezidentin, xalqın və ordumuzun gücü və birliyi nəticəsində qazanılmış tarixi qələbəni düşmənlərimiz necə yozurlarsa, onlar da elə yozurlar. Bununla da onlar xarici ağalarına  canı-dildən xidmət göstərdiklərini nümayiş etdirirlər. Neyləsinlər, “çörək pulları”  dolayısı ilə onlardan gəlir axı.  Bir sözlə, meşə və çaqqal məsələsi…

Vəli İlyasov, “İki sahil”

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?