18 yanvar 2021 16:06
393

Cəmiyyət yaxşı başa düşür ki...

"Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qəzetimizə açıqlamasında bildirib ki, şəhid ailələrinə hərtərəfli dövlət dəstəyinin və dövlət qayğısının göstərilməsi Azərbaycanın davamlı sosial siyasətinin tərkib hissələrindən biridir.

Aydın Quliyev qeyd edib ki, bu sosial tədbirlərin 2019-2020-ci illərdə geniş və əhatəli paketlər formasında həyata keçirildiyinin şahidi olmuşuq: “Bu gün də o siyasət davam etdirilir və Vətən müharibəsindən sonra bu müharibədə iştirak edib yaralanmış, həyatını itirmiş şəxslərin ailələrinə göstərilən qayğı xüsusilə bu siyasətin davamı olması kimi diqqəti daha çox cəlb edir.”

Bu günlərdə şəhid ailələrinə aylıq müavinətlərin 300 manatdan 500 manata qaldırılmasının çox əhəmiyyətli bir addım olduğunu deyən Aydın Quliyev bildirib ki, bu hər bir şəhid ailəsinin həyatın öz təsirini göstərəcək: “Vaxtilə məcburi köçkünlər üçün yüksək səviyyədə tikilib hazırlanmış mənzillərin qələbədən sonra Prezidentimiz tərəfindən məhz şəhid ailələrinə hədiyyə ediləcəyi ilə bağlı qərarın verilməsi dövlətin sosial və humanist siyasətinin tərkib hissəsi kimi diqqət çəkir. Atılan bu addım cəmiyyət tərəfindən çox böyük həssaslıqla qarşılanır. Ölkə başçısının bu humanist qərarlarına cəmiyyətin bütün təbəqələrindən dəstək var və çox böyük rəğbət qazanır. Çünki cəmiyyət yaxşı başa düşür ki, bu, təkcə müharibədə həlak olmuş insanların ailələrinə, onların sosial rifahının yaxşılaşdırılmasına göstərilən addım deyil, bundan əlavə, həm də çox böyük strateji və humanist əhəmiyyəti var. Humanist əhəmiyyəti ondan ibarətdir ki, bu insanların bir çoxunun demək olar ki, yaşayış yerləri yoxdur. Ailə başçılarını itirdikdən sonra da onların ehtiyaclarını nəzərə alsaq dövlətin göstərdiyi bu dəstək onlar üçün həyati əhəmiyyətlidir. Strateji əhəmiyyəti də ondan ibarətdir ki, gələcək nəsillər dövlətimizin tarixini araşdıranda Vətən yolunda canını qoyan insanlara dövlətin necə böyük qayğı ilə yanaşdığının bir daha şahidi olacaqlar.

Bu addımların tərbiyyəvi əhəmiyyəti isə var ondan ibarətdir ki, bizim inkişaf etməkdə olan gənc nəslin vətənpərvər böyüməsində, eləcə də lazım gələrsə, gözü arxada qalmadan Vətən yolunda canından keçməyə hazır olması ruhunda yetişməsi və formalaşmasında öz təsirli rolunu oynayacaqdır.”

Röya Rasimqızı, “İki sahil”