KÖŞƏ

Cavid Əkbərov

25 dekabr 2020 16:51
1228

Ermənilər Yeni ilə qədər Paşinyanı devirə biləcəklərmi?

Yerevanda etiraz aksiyaları gündəlik normaya çevrilib

Müharibədəki məğlubiyyətdən sonra işğalçı Ermənistanda baş verən qarşıdurmalar bu ölkədə gərgin və xaotik vəziyyət yaradıb. Müxalifət Paşinyanın baş nazir kimi ölkə idarəçiliyini davam etdirməsinə qarşı çıxaraq bir aydan çoxdur ki, aksiyalar keçirir. Kürsüsünü itirmək istəməyən Nikol Paşinyan isə kütləvi etirazların qarşısını almaq üçün bütün repressiv tədbirlərə əl atır. Görünən odur ki, baş nazir nə qədər müqavkimət göstərsə də Ermənistan əhalisi yeni ilə qədər Paşinyanı devirmək niyyətindədir.

Yerevandakı vəziyyət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqlərin az qala gündəlik normaya çevrildiyini göstərir. Təbii ki, bu vəziyyət normal idarəçiliyi mümkünsüz edir, ölkədə onsuz da qarşısıalınmaz olan anarxiyanın yeni dalğasına rəvac verir. “Qraparak” qəzeti yazır ki, baş nazirin istefa qərarını xalqa Yeni il müraciətində elan edəcəyi gözlənilir.

Etiraz aksiyaları iştirakçıların sayı və miqyası baxımından genişlənməkdədir. Şəhərin “Fransa” meydanında keçirilən mitinqdə “Vahid Ermənistan” partiyasının lideri Artur Kazinyan prokurorluqdan Paşinyana qarşı “dövləti xəyanətlərinə görə” cinayət təqibi başlanılmasını tələb edib.

N.Paşinyanın hakimiyyətini saxlamaq üçün atdığı repressiv addımlar ölkədə gərginliyi daha da kəskinləşdirir. Bu isə bütövlükdə ölkənin çətin durumunu daha da ağırlaşdıracaq. Ermənistanda sadə vətəndaşların qorxduğu da məhz budur. Ona görə ölkədə hakimiyyətlə xalq arasında uçurumun daha da dərinləşməsi gözlənilir. Bu isə Ermənistanı vətəndaş qarşıdurmasına sürükləyəcək.

Bu ərəfədə “Hayastan” ümumerməni fondu ikinci Qarabağ müharibəsi zamanı Paşinyan hökumətinə verdiyi 52 milyard dramdan çox vəsaitin hesabatını istəyir. Məsələ burasındadır ki, bu ianələrin əhəmiyyətli bir hissəsi dövlət büdcəsinə köçürülüb və bunun hansı məqsədlə istifadə edildiyi məlum deyil. Təsadüfi deyil ki, Ermənistan prezidenti, “Hayastan” fondunun qəyyumlar şurasının sədri Armen Sarkisyan vəsaitlərin xərclənməsinin beynəlxalq auditini keçirməyə çağırmışdı. Ancaq ianələr hesabına hansı xərclərin həyata keçirildiyi və rəsmi sənədlərdə necə leqallaşdırıldığı bəlli deyil.

Qeyd edək ki, 1992-ci ildə qurulan “Hayastan” fondu Ermənistanın və dünya ermənilərinin inkişafı üçün çalışan təşkilat kimi fəaliyyət göstərib. Bu fond Ermənistanın işğal siyasətinə fəal dəstək verib. “4rd.am” saytı yazır ki, fonda vəsait köçürən xeyriyyəçilərin coğrafiyası kifayət qədər genişdir. Bildirilir ki, fonddakı vəsaitlərin naməlum şəkildə yoxa çıxması ilə bağlı yaranan qalmaqal ilk dəfə deyil. Məsələn, 2018-ci ilin yayında “Hayastan”ın direktoru Ara Vardanyan fonda təqdim edilmiş 25 milyon dramı nağdlaşdıraraq götürüb. Sonra bəlli olub ki, bu pullar kazinolarda qumar oyunlarına sərf olunub.

Əslində, mövcud qalmaqal fondun Ermənistanın hərbi ehtiyaclarını ödəmək və ya dövlət büdcəsinin kəsirini örtmək üçün pul xərcləyə bilməməsindən qaynaqlanır. Xüsusən də Ermənistan büdcəsindən köçürülən məbləğlərin konkret hədəfinin bəlli olmaması ciddi narazılıq yaradır. Ona görə də bu, Ermənistan gündəmində gizli, lakin ən çox müzakirə olunan məsələdir.

Beləliklə, Ermənistandakı mövcud siyasi gərginliyə bir səbəb də əlavə olunmaqdadır. İndi diaspor Paşinyandan ianələrin hesabını istəyir.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?