KÖŞƏ

Vəli İlyasov

Həmsədrlər bu dəfə kabab yemədilər...

15 dekabr 2020 14:46
750

Məkrli erməni başbilənlərinin yüz il əvvəl uydurub ortaya atdıqları və üfürüb şişirtdikləri qondarma Dağlıq Qarabağ münaqişəsi 2020-ci ilin noyabrında məntiqi sonluğuna çatdı. Daha bu adda münaqişə mövcud deyil. Qüdrətli Azərbaycan Ordusu bu şar-problemi 44 gün ərzində yox etdi. Hər iki tərəfdən böyük  itkilər oldu. Ancaq bu itkilər olmaya da bilərdi.

Təbii ki,  münaqişənin həlli missiyasını öz üzərinə götürən və onu dinc yolla həll etməli olan beynəlxalq təşkilatlar  öz vəzifələrini icra etsəydilər onda müharibə də olmazdı. Ancaq onlar başqa yol tutdular.  İşğal olunmuş Azərbaycan ərazilərində ermənilərin törətdikləri hərbi cinayətləri öz gözləri ilə görən həmsədrlər bunları dünya ictimaiyyətinə bildirmir, işğalın uzanması barədə həyəcan təbili çalmırdılar. Onlar ATƏT-in üzvü olan digər ölkələr qarşısında hesabat vermir və belə yanaşma ilə işğalçıya geniş əl-qol açmaq üçün imkan yaradırdılar. Həmsədrlər ermənilərin Azərbaycanın  şəhər və kəndlərini barbarcasına qağıdıb talan etdiklərini, yandırdıqlarını  öz gözləri ilə görsələr də dünya ictimaiyyətini məlumatlandırıb işğalçıya mane olmağı təşkil etməyi ağıllarına belə gətirmədilər. Təəssüf ki, BMT Təhlükəsizlik Şurası da illər uzunu qəbul etdiyi dörd qətnaməsinin Ermənistan tərəfindən icra olunmasına təsir və təkid etmədi. Ermənistan bu təşkilatın qəbul etdiyi qətnamələrə əhəmiyyət verməyərək onları  lazımsız  kağız parçası kimi bir kənara tulladı.  ATƏT-in Minsk qrupunun həmsədrləri isə uzun illər “nə ət, nə balıq” prinsipi ilə hərəkət edərək işğalın davam etməsinə şərait yaratdılar. Bu cür davranışları ilə Azərbaycanın sadə vətəndaşlarının da inamını tamamilə itirmiş həmsədrlər hər dəfə səfərə gələndə yumorla deyirdilər ki, “yenə Dağlıq Qarabağda erməni curları ilə kabab yeməyə gəliblər.” Bu sadə yumorda böyük həqiqət vardı. Çünki bu səfərlərin heç bir nəticəsi olmurdu. Qısaca desək, həmsədrlərdən gözləntilərimiz cücərmədi və onlar heç bir işə yaramadılar. Nəhayət, sentyabrın 27-dən sonra isə onlara ehtiyac qalmadı və bu dəfə dəvətsiz gəlməli oldular.

Dekabrın 12-də  ölkəmizin başçısının ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən etdiyi tənqidi çıxışa 28 il müddətində işləri-peşələri regiona turist səfərlərindən ibarət olan həmsədrlər heç bir arqument gətirə bilmədilər.

Ölkəmizin başçısı çox, açıq və sadə şəkildə  həmsədr ölkələrin nümayəndələrinə bildirdi ki,  28 ildə BMT-nin, Minsk qrupunun edə bilmədiklərini Azərbaycan öz qətiyyəti, əzmi və iradəsi ilə 44 gündə reallaşıdıraraq düşmənin belini qırıb, cinayətkar rejimə son qoyub,  üzdəniraq erməni millətçilərinin “artsax” xülyalarını dağıdıb, bu qurumun “münaqişənin hərbi həlli yoxdur” fikrinin doğru olmadığını sübut edib.   Azərbaycan işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad edərək  bütün dünyaya öz gücünü və qüdrətini göstərdi.  Azərbaycan lideriinin müdrikliyi, qətiyyəti, iradəsi, xalqımızın birliyi, həmrəyliyi, fədakarlığı, müzəffər ordumuzun şücaəti, qəhrəman oğullarımızın qanı bahasına status-kvo dəyişdirilib.  Üzbəüz döyüşdə Azərbaycan Ordusu Ermənistan ordusunu əzərək qələbə qazanıb.

Prezident İlham Əliyev Minsk qrupu həmsədrlərinin münaqişənin dinc yolla həll edilməsi üçün heç bir təşəbbüs göstərmədiklərini və yalnız seyrçi münasibət göstərdiklərini bildirib. Dövlətimizin başçısı xatırladıb ki, bu təşkilat 30 ildə bir dəfə olsun demədi ki, münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının  qəbul etdiyi qətnamələrə əsaslanmalıdır. Yəni, bu 4 qətnaməyə görə təcavüzkar Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən qeyd-şərtsiz və dərhal çıxarılmalıdır.

Qeyd etdiyimiz kimi, artıq Dağlıq Qarabağ münaqişəsi mövcud deyil. Ancaq Ermənistanın nasist rəhbərliyi kapitulyasiyanı qəbul etsə də, tənzimləmə məsələrini yenidən pozmağa çalışır, erməni millətini sülhə hazırlamır. Yaxşı olar ki, ATƏT-in Minsk qrupu həmsədrləri heç olmasa indi bir işə yarasınlar, Azərbaycan və Ermənistan arasında bəzi razılaşmaların reallaşmasına öz xidmətlərini göstərsinlər. Bu sahədə onlar üçün geniş iş cəbhəsi açılıb. Ancaq əvvəlki kimi tərəf tutmaq vərdişləri ilə vidalaşmalı və elin dediyi “qabırğa” olmamalıdırlar. Əks təqdirdə, birtərəfli fəaliyyətlərinə görə proseslərdən kənarlaşdırıla bilərlər, çünki daha onların köməyinə ehtiyac yoxdur.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?