KÖŞƏ

Zahid Rza

Məsuliyyətsizliyin sonu pis nəticələnir...

30 noyabr 2020 22:15
903

Bütün dünyanı cənginə alan koronavirus infeksiyasına yoluxmada yenə  rekord artım müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki,  indiyədək dünyada 63 milyon insana COVID-19 diaqnozu qoyulub. Bu virusdan ölənlərin sayı isə getdikcə çoxalır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda COVID-19-a qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk gündən ölkə vətəndaşlarının sağlamlığının qorunmasının, pandemiyaya qarşı mübarizənin gücləndirilməsinin mühüm vəzifə kimi qarşıya qoyulması öz uğurlu nəticəsini verdi. Ancaq  unutmaq olmaz ki, burada vətəndaşlarımızdan da çox şey asılıdır.

Bu gün də ölkəmizdə pandemiyaya  qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Hökumət əlindən gələni edir ki, bu gözəgörünməz düşmən tezliklə ram edilsin. Yaranmış vəziyyətdə   infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tibbi profilaktik tədbirlər gücləndirilib.  Paytaxt Bakıda şənbə, bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, apteklər və ərzaq mağazaları istisna olmaqla digər obyektlərin fəaliyyətinə qadağalar qoyulub, paytaxtda 600 kücə dezinfeksiya edilib.

Təəssüf ki, görülən effektiv tədbirlərə baxmayaraq, bütün dünyada olduğu kimi son vaxtlar ölkəmizdə də koronavirus infeksiyasının dinamikasında kəskin artım müşahidə olunmaqdadır. Bu məsələ insanlarımızı  ciddi düşündürməlidir. Hələ pandemiyanın ilk günlərindən bildirilirdi ki, nə qədər ki, bu gözəgörünməz düşmən yox olmayıb, hər birimiz bu vəziyyətlə barışmalı, necə deyərlər, onunla yaşamağı öyrənməliyik. Qapalı yerlərdə, ictimai nəqliyyatda, avtobuslarda, mağazalarda, iaşə obyektlərində, bir sözlə, insanların sıx toplaşdığı yerlərdə sanitar-epidemioloji qaydalara əməl etməli, sosial məsafə saxlamalı, mütləq tibbi maskadan istifadə edilməlidir. Həmçinin insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışmalı,  sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edilməlidir. Hər birimiz bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinlikləri aradan qaldırar, koronavirus üzərində qələbəni asanlaşdırarıq. Hər birimiz məsuliyyətli olmaqla dövlətimizin həyata keçirdiyi tədbirlərə dəstək olmalıyıq.

 Çox təəssüf ki, bəzi hallarda insanlarımız bu məsələyə biganə yanaşırlar. Belə ki, vətəndaşlarımız arasında yuxarıda qeyd etdiyimiz yerlərdə tibbi maskadan ya istifadə olunmaması, ya da düzgün istifadə olunmaması halları hələ də qalmaqdadır.

Təqdirəlayiq haldır ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları ardıcıl olaraq  tədbirləri davam etdirirlər. Polis əməkdaşları inzibati ərazilərdə xidmət aparan zaman  gizli şəkildə fəaliyyət göstərən yeməkxana, kafe və çayxanaları aşkarlayaraq obyekt sahibləri barədə qanunamüvafiq tədbir görürlər. Bundan başqa, koronavirus infeksiyasına yoluxan şəxslərin icazə olmadığı halda evdən çıxma faktları aşkarlanmaqdadır. Virusa yoluxan şəxslər yoluxduqlarını bilə-bilə evdən çıxaraq xəstəliyin yayılmasına şərait yaradırlar. Bəzi hallarda polis əməkdaşları tərəfindən reyd aparılarkən ərazidə koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən bəzi sakinlərin şəhər, rayon, qəsəbə karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanı tərk etdikləri müəyyən edilir. Belə məsuliyyətsizlik olarmı?

Hazırda hökumətimiz COVID-19-la mübarizədə uğurlu fəaliyyətini davam etdirir. Artıq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb.  Karantin rejimi qaydaları çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib.  Yerindən, məkanından asılı olmayaraq, demək olar ki, hər yerdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar. Koronavirus bəlasına qarşı səmərəli mübarizə aparmaq üçün belə cəza tədbirləri bundan sonra da davam etdirilməlidir.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?