10 oktyabr 2019 17:03
177

1,8 milyard sərmayə ilə yeni neft-kimya kompleksi yaradilacaq

"SOCAR Türkiyə" İzmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq." 
"İki sahil" xəbər verir ki, bu fikirləri "Petkim Petrokimya Holding A. Ş."nin baş diretoru Anar Məmmədov deyib.
 A.Məmmədov məlumat verib ki, obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq:  "Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək."
A.Məmmədov onu da bildirib ki, 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır:  "BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur."

Orxan Vahidoğlu,

İstanbul-Bakı

"İki sahil"