17 noyabr 2020 13:44
768

Qələbəmiz xalqımızın qürur və əzəmətini daha da artırıb

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, uzun illər düyünə düşmüş Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Vətən müharibəsində qazandığımız bu tarixi qələbə Ölkə başçısının müdrik, uzaqgörən, ardıcıl və prinsipial siyasətinin məntiqi nəticəsidir. Cənab Prezidentin beynəlxalq müstəvidə Ermənistanın işğalçı mahiyyətini ifşa edən hücum diplomatiyası sayəsində Azərbaycanın haqq mövqeyini dəstəkləyən əlverişli zəminin yaradılması qələbəmizi şərtləndirən mühüm amillərdən biri olmuşdur.

22 noyabr tarixində yaradılmasının 102-ci il dönümü münasibətilə peşə bayramını qeyd edəcək Ədliyyə ailəsinin bir üzvü kimi mən də böyük sevinc və fəxr hissi ilə deyə bilərəm ki, qazandığımız qələbə doğma ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın qürur və əzəmətini daha da artırmışdır. Hər bir azərbaycanlı kimi mən də əyilməz millətin nümayəndəsi, qüdrətli və qalib dövlətin vətəndaşı olduğumu duymaqdan fəxarət hissi keçirir, bu sevinci bizə yaşadan bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm.

Mən əminəm ki, ordumuzun rəşadəti sadəcə Azərbaycan  deyil, dünya hərb tarixinə qəhrəmanlıq, ədalət və mərhəmət nümunəsi kimi düşəcək, cənab Prezidenin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır.

Təşəkkürlər, Ali Baş Komandan, təşəkkürlər, müzəffər Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Elnur Osmanlı

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin

Kredit Borcları şöbəsinin əməkdaşı