KÖŞƏ

Röya Rasimqızı

İnsanların sağlamlığı dövlətimizin ən ali məqsədidir

24 avqust 2020 19:00
4604

Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu,  təkcə xalqımızın tərəfindən deyil, eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Koronavirusla mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, sərhədlərin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi, ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması, xarici ölkələrdəki Azərbaycan vətəndaşlarının təhlükəsiz bir şəkildə ölkəmizə gətirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, virusun yayılmasının minimuma endirilməsi məqsədilə karantin rejiminin tətbiqi, tibb işçilərinin əməyinin qiymətləndirilməsi, sahibkarların, aztəminatlı ailələrin müdafiəsi istiqamətində qəbul olunan qərarlar və Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, qısa bir zaman ərzində tibbi maska və digər zəruri ləvazimatlar istehsal edən müəssisələrin işə başlaması Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürütdüyünü sübuta yetirir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun mart ayının 23-də Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.

Onu da qeyd edək ki, Azərbaycanda ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter daşıyır. Az qala hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi oluruq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirir. Azərbaycanın bir çox ölkələrdən fərqli olaraq koronavirusun yayılması ilə bağlı çağırışları ilk gündən ciddi təhlükə kimi qəbul etməsi və qarşının alınması istiqamətində ciddi tədbirlər həyata keçirməsi çox mühüm məqamlardan biri kimi qiymətləndirilməlidir. Azərbaycan dövləti təhlükənin yarandığı ilk günlərdən nəinki öz vətəndaşlarının həyati təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atdı, hətta qlobal məsuliyyətini dünyanın bir sıra aparıcı ölkələrindən daha çox dərk etdiyini, humanizm prinsiplərini üstün tutduğunu konkret əməli addımlarla sübuta yetirdi, beynəlxalq münasibətlər sistemində nümunəvi bir dövlət olduğunu göz önünə sərgilədi.

Bütün görülən tədbirlər bir daha bariz şəkildə sübut edir ki, insanların və cəmiyyətin sağlamlığı dövlətimiz üçün birmənalı qaydada ən mühüm vəzifədir, və biz də hər birimiz öz məsulıiyyətimizi dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrini heç bir təşviş yaratmadan yerinə yetirməliyik.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?