12 iyun 2019 14:38
277

15 iyun - Azərbaycanın inkişafa gedən təməl yoludur

“Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün  ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda  illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın  müasir tarixinin iki önəmli hadisəsi- Azərbaycanın dövlət müstəqilliyinin yenidən  bərpa edilməsi və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusilə vurğulanmalıdır.” Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.

H.Şikarov bildirib ki, xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 İyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanıb, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulub: “Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş Qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə ümumiyyətlə, Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin - amanlıqdan, inkişafdan  danışmaq olmazdı.”

YAP pirallahı rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Liderin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi: “İlk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi  daxil olması da  həmin dövrün  səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan qurtuluşu  özündə əks etdirir. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.”  

H.Şikarov qeyd edib ki, bu gün  Azərbaycan xalqı  gələcəyə böyük inamla baxır: “Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə qazandırdığı ən böyük uğurlardandır.  Belə bir böhranlı vaxtda Yeni Azərbaycan Partiyasının yaranma zərurətini də xüsusilə qeyd etmək lazımdır. Belə ki, məhz bu ərəfələrdə ziyalılar, tanınmış siyasi-ictimai xadimlər, eləcə də sadə xalq nümayəndələri Ulu Öndərin ətrafında toplaşaraq dövlətçiliyin xilasını Onun missiyasında, siyasi irədəsində – rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında görməyə başlamışdı. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranması sonrakı zamanlarda dövlətin qorunması, daxili və xarici düşmənlərdən azad edilməsi istiqamətində çox mühüm siyasi rol oynadı. Yalnız Yeni Azərbaycan Partiyasının Sədri kimi deyil, eyni zamanda, xalqın Ümummilli Lideri kimi dövlətçiliyi, ölkəni düşdüyü bəlalardan qorumuş oldu.  Əlbəttə ki, bu kimi faktorlar sonrakı illərdə Yeni Azərbaycan Partiyasının güclənməsində, qüdrətlənməsində, beynəlxalq aləmdə ən güclü siyasi təşkilata çevrilməsində çox əhəmiyyətli rol oynadı. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox insanın olması da bu deyilənləri kifayət qədər təsdiq edir.”

Müstəqilliyimizdən ötən müddət ərzində ölkənin keçdiyi inkişaf yolundan bəhs edən H.Şikarov vurğulayıb ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb: “Azərbaycanın demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial-iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Bu gün Heydər Əliyev dövlətçilik məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev iqtisadi - siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirir. Heydər Əliyev siyasətinin dövlətimizin başçısı tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.”

Orxan Vahidoğlu, "İki sahil"