KÖŞƏ

Nurəddin Muğanlı

12 avqust - Beynəlxalq Gənclər Günüdür

11 avqust 2020 19:38
1285

                   Odlar Yurdunun  ömrü bahar təravətli gəncliyi

1998-ci ilin avqustunda Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli  qətnaməsi ilə 12 avqust Beynəlxalq Gənclər Günü elan edildi. Həmin tarixdən etibarən bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə  dünyada, o cümlədən Azərbaycanda  təntənə ilə qeyd olunur.

Təbiətdə fəsillər dəyişdiyi kimi, cəmiyyət həyatında da nəsillər bir-birini əvəz edir.  Milli dəyərlər estafet kimi nəsildən - nəslə  ötürülür. Bu mənada cəmiyyətin formalaşması gənc nəslin milli ruhda tərbiyə olunmasından keçir. Ömrü bahar təravətli  gənclərimizə  əmanət olan Odlar Yurdumuz  tarixin  bütün mərhələlərində dünyanın diqqət mərkəzində olub. Odur ki, Vətəni, milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qorumaq müasir Azərbaycan gəncliyinin uzərinə düşür.

Ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir.  Vətənin ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş hərbçilərimizin, şəhidlərimizin şəxsi nümunələri gənclərdə vətənpərvərlik tərbiyəsinin aşılanması üçün əsl məktəbdir.

Müstəqil Azərbaycanımızda dövlətin diqqət və qayğısından  layiqincə yararlanıb, ölkəmizin mənafeyini etibarlı şəkildə müdafiə edən  və layiqli vətəndaş kimi formalaşan  gənclərimiz çoxdur. Hər bir gənc dərk edir ki, Vətənin bütövlüyu, toxunulmazlığı, azadlığı onun vətəndaşlıq borcudur.  Bu gün Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Ölkəmizin gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanırlar.

Ulu öndər Heydər Əliyev gənclərin qarşısında mühüm vəzifələr qoyaraq deyirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür.   

 Prezident İlham Əliyevin Fərmanı ilə 2006-cı ildə Gənclər, İdman və

Turizm Nazirliyi yenidən Gənclər və İdman Nazirliyinə çevrildi. Əsas icra orqanı qarşısında gənclər siyasəti sferasında yeni vəzifələr qoyuldu.                                                                                                                                                                                                                                                                                               2007-ci ilin "Gənclər ili" elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqlədi və gənclərin ölkə həyatındakı fəallığını daha da artırdı.

7 fevral  2013-cü ildə  isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu  fəaliyyətə başladı. Qurum  gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə reallaşdırılan layihə və proqramları qrant şəklində maliyyələşdirməyi həyata keçirir.

Son illərdə ardıcıllıqla qəbul edilmiş və hazırda uğurla həyata keçirilməkdə olan “Azərbaycan gənclərinin inkişaf strategiyası (2015-2025-ci illər)”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin yaradıcı innovativ potensialının üzə çıxarılmasına, azərbaycançılıq və dövlətçilik prinsipi əsasında tərbiyəsinə, onlar arasında milli-dini dözümlülük, sülhsevərlik, humanizm dəyərlərinin təbliğinə, sağlamlığının qorunmasına, təhsil və məşğulluq məsələlərinə, qərarların qəbulu prosesində iştirakının artırılması və sair məsələlərə yeni imkanlar yaradır.

Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqətdədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır.

Azərbaycanda 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir.

Ölkə əhalisinin 32 faizinini təşkil edən gənclərin hərtərəfli inkişafı məqsədilə gənc nəslin nümayəndələrinin dövlət idarəçiliyi sistemində iştirakının həyata keçirilməsi, onların səmərəli məşğulluğunun təmin edilməsi, gənclərin potensialından dövlətimizin rifahı naminə istifadə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.  Bir çox dövlət qurumuna gənc və potensiallı şəxslərin rəhbər təyin edilməsi bunun bariz nümunəsidir. Azərbaycan  gəncləri bələdiyyələrlə yanaşı, Azərbaycan Respublikasının Milli Məclisindədə təmsil olunurlar.

Bu gün bəşəriyyəti çətin sınaq qarşısında qoyan və  geniş şəkildə tüğyan edən  qlobal pandemiya dövründə gənclər ekologiya, texnologiya, ictimai-siyasi, səhiyyə, elm, idman, yaradıcılıq və digər sahələrdə sosial şəbəkələr müxtəlif onlayn layihələrin həyata keçirilməsində fəal iştirak edirlər. Gənclər və İdman Nazirliyinin onlayn formatda keçirdiyi “Dünya və gənclər yeni şəraitdə”  forumunda  gənc millət vəkilləri, Qarabağ qaziləri , İKT, biznes sahələrində çalışan, xaricdə təhsil alan gənclər, gənc alimlər, gənclər təşkilatlarının təmsilşiləri, regionlardan olan, yaradıcı və istedadlı gənclər , gənc jurnalistlər, blogerlər bir araya gəldilər.   Pandemiya dövründə gənclərin biznes, yaradıcılıq, gələcəyə yönəlik ideyalarını artıq virtual ünsiyyət vasitəsi ilə reallaşdırmağa can atdığı bildirildi. Forum  pandemiya  ilə  mübarizədə müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin həllində gənclərin fəal iştiraka hazır olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili” elan olunması da xalqımızn mənəvi dünyasının ən dərin qatlarından gələn düşüncə xəzinəsini, ali dəyərləri gənc nəsillərə ötürməklə yanaşı, onların potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədlərini də özündə ehtiva edir.

Pandemiya dövrünün ən vacib elementinə çevrilən könüllülərin fəaliyyəti sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlara dövlət qayğısının necə gerçəkləşdirildiyini əyani şəkildə göstərdi. Bir daha şahidi olduq ki, könüllülər hərəkatı koronavirusla mübarizədə həkimlərlə, polislərlə, digər mühüm sektorlarda çalışanlarla çiyin-çiyinə duraraq, cəmiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu sübut etdi.  Pandemiya ilə mübarizədə könüllülərin önə keçməsi  gənc  nəsil üçün  böyük  bir təcrübə  məktəbidir. Fəxrlə demək olar ki, pandemiya ilə mübarizədə  Azərbaycan gənclərinin  fəal iştirakı dünyada nümunə  sayıla bilər.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?