10 yanvar 2020 15:20
977

119 mindən çox ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir

SOCAR-ın mədən ərazilərində 119 mindən çox müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.

“Ekol Mühəndislik Xidmətləri” QSC-dən bildirilib ki, müəssisənin yaşıllaşdırma sahələrində qış mövsümü ilə əlaqədar zəruri işlər yüksək səviyyədə yerinə yetirilib. SOCAR-ın fəaliyyət sahələrində ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təsdiq olunmuş tədbirlər planı çərçivəsində “Ekol Mühəndislik Xidmətləri” QSC-nin həyata keçirdiyi layihələrdən biri də, “Azneft” İstehsalat Birliyinin neft və qazçıxarma idarələrinin (NQÇİ) reabilitasiya olunmuş mədən və Qaz Emalı Zavodunun ərazilərində yaşıllıqlara yüksək səviyyədə aqrotexniki xidmətlərin göstərilməsi layihəsidir. Hazırda qış mövsümü ilə əlaqədar olaraq havaların soyuq keçməsinə baxmayaraq, QSC-nin torpaqların rekultivasiyası departamenti (TRD) SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft”, “Abşeronneft” və H.Z.Tağıyev adına NQÇİ-lərin mədən ərazilərində və Qaz Emalı Zavodunun ərazisində ümumilikdə 119 min 150 ədəd müxtəlif növ ağac və bəzək kollarına yüksək səviyyədə aqrotexniki xidmətlər göstərir. Bununla yanaşı, QSC “Azneft” İB-nin NQÇİ-lərinin mədən ərazilərində yaşıllıqların genişləndirilməsi məqsədilə sahələrdə müxtəlif növ ağacların əkilməsi işlərini genişləndirməkdədir.

TRD-nin 1-ci və 2-ci sahələrin işçilərinin göstərdiyi yüksək səviyyəli aqrotexniki xidmətlər və yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə suvarılması nəticəsində bitkilərin normal inkişafı təmin edilib. Hazırda “Abşeronneft” NQÇİ-nin (Pirallahı) mədən ərazilərində 42 min 500 ədəd, H.Z.Tağıyev adına NQÇİ-nin Qala ərazisində 4 min 510 ədəd, “Bibiheybətneft” NQÇİ-nin ərazisində olan 60 min 263 ədəd müxtəlif növ ağac və bəzək kollarına, 320 kvadratmetr istixanada 5 min 500 ədəd ağac tinglərinə, Qaz Emalı Zavodunun ərazisində 11 min 877 ədəd müxtəlif növ həmişəyaşıl ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir.