16 aprel 2019 10:29
63

1009 sahibkara 132,6 milyon manat güzəştli kredit verilib

Sahibkarlığa dövlət qayğısının parlaq təzahürü

Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların əsas prioritetlərindən biri kiçik və orta sahibkarlığın (KOS)   daha da inkişaf etdirilməsidir. Son illər bu sahənin inkişafı üçün mühüm addımlar atılır. Məhz bunun da nəticəsində kiçik və orta sahibkarlar tərəfindən yaradılan dəyərin ölkə iqtisadiyyatında payı gündən-günə çoxalır. Uğurla reallaşdırılan dövlət proqramları bu sahənin inkişafına ciddi təkan verib. Bu Dövlət proqramları çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, sahibkarlara dövlət maliyyə köməyi sistemi formalaşdırılıb.

Sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır, sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində dövlət səviyyəsində mühüm işlər görülür. Sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, yeni dəstək mexanizmləri tətbiq olunur.

Ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” KOS-un dövlət tərəfindən təşviqi və dəstəklənməsini xarakterizə edən əsas faktorlardan biridir. Dövlətimizin başçısının “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 25 dekabr 2018 tarixli Fərmanı respublikamızda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatların davamı olmaqla özəl bölmənin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulmasının daha asan həyata keçirilməsində, bunun üçün tələb olunan vaxt və maliyyə xərclərinin optimallaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

Kiçik və orta sahibkarların rolunun və rəqabət qabiliyyətinin artırılması, onların maraqlarının qorunması və problemlərinin həll edilməsi, iş adamlarına vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədəki fəaliyyətinin əlaqələndirilməsi məqsədilə  İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) fəaliyyətə başlayıb. Sahibkarlığın İnkişafı Fondunun xətti ilə son bir ildə  1009 sahibkara 132,6 mln. manat, o cümlədən 907 kiçik və orta biznes sahibinə 19,2 mln. manat güzəştli kreditlər verilib. Bu isə minlərlə yeni iş yerinin açılmasına şərait yaradıb. Sahibkarlığın inkişafı üçün mütəmadi tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə qanunvericilik daha da təkmilləşdirilib. Məsələn, Vergi Məcəlləsinə edilmiş və bu ilin əvvəlindən qüvvəyə minmiş dəyişikliklərə əsasən, KOB-lara mənfəət vergisinin ödənilməsində 75 faiz güzəşt edilib, onlar həmçinin əmlak vergisinin ödənilməsindən azad ediliblər. Bundan başqa, KOBİA-nın təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb. Həmçinin KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib.

Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli  “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanına əsasən, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması sahibkarlığa dövlət qayğısının parlaq təzahürüdür.

Zahid Rza, “İki sahil”