12 fevral 2019 10:31
593

100 ildən çox yaşayan yaponiyalı həkimin məsləhətləri

Məşhur yaponiyalı alim,  həkim Şiqeaki Xinoxara  düz 105 il ömür sürüb və bütün bu illər ərzində o, fəal şəkildə çalışıb, mühazirələr oxuyub, kitablar yazıb. Ən əsası da  odur ki, hər zaman gümrah və nikbin insan olub.  Həkim Xinoxara 100 yaşı olanda  “Japan Times”a müsahibə verib. Verdiyi müsahibədə o, uzun, aktiv ömür sürməyinin bir neçə qaydasını açıqlayıb.

Cəmiyyətin qaydalarına görə deyil, əhval- ruhiyyəniz və intuisiyanıza əsasən hərəkət edin

Həkimin fikirlərinə görə, hər bir insan orqanizminin səsinə qulaq asmalıdır. Cədvələ əsasən yemək  və yatmaq, ciddi pəhrizlər və rejim saxlamaq lazım deyil. Həyatdan həzz almaq lazımdır və bacardığınız qədər ondan  çox şey almaq lazımdır.

Uzun ömür yaşayanların artıq çəkisi olmur

Həkim Xinoxara yemək rasionunda yalnız sadə məhsullardan istifadə edib: tərəvəz, düyü, balıq, meyvə  şirələri, zeytun yağı, süd və bir az da yağsız ət. Səhər yeməyində onun süfrəsində kofe, meyvə şirəsi və bir qaşıq yağ olub. Axşam yeməyində isə tərəvəzli balıq. Ət həftədə bir dəfə, o da yağsız şəkildə yüz qramdan artıq olmamaq şərti ilə.

Daha çox iş görmək üçün vaxtınızı planlaşdırın

Həkimin sözlərinə görə, qoyduğunuz tapşırığa və məqsədə  nail olmaq,  nəzərdə tutulmuş işləri həyata keçirmək üçün vaxtınızı planlaşdırmaq lazımdır. Həkim Xinoxaranın gündəliyində hansısa bir işlərin yerinə yetirilməsi illər öncə planlaşdırılırdı. O hesab edirdi ki, daima məşğul olmaq uzun ömürlülüyün dəstəyidir. Sevdiyiniz işlə daha çox məşğul olmalısınız.

Əsrin əvvəlində minimum ömür müddəti kişilərdə 80, qadınlarda isə 86 yaş hesablanırdı. Dünyada uzunömürlülük mütəmadi olaraq artır. 2009-cu ildə uzunömürlü insanların sayı 36 min idi, proqnoza görə 2030-cu ildə bu rəqəm 50 minə qədər artacaq.

Bildiyiniz hər bir şeyi bölüşün

Biliyi yalnız özünüz üçün öyrənməyin. Bacardığınız qədər bilik və təcrübələrinizi insanlara xeyir gətirmək üçün xərcləyin. Həkim Xinoxara daim maarifləndirmə fəaliyyəti ilə məşğul olub, uşaqlara və böyüklərə mühazirələr oxuyub. Onun çıxışlarının sayı il ərzində 150-yə bərabər olurdu.

Kor-koranə həkimlərə inanmayın

İstənilən həkim adi insandır və təbii ki,  o da səhvə yol verə bilər. Əgər sizə ağır əməliyyat və bahalı müalicə məsləhət görülübsə, çalışın bunun sizə nə dərəcədə lazım olduğunu aydınlaşdırasınız. Xinoxora verdiyi müsahibədə bildirib ki, müalicə zamanı mütləq musiqi və ya zoo terapiyasından istifadə etmək lazımdır.

Qarşınıza irihəcmli məqsəd qoyun

Həyatda daha çox şeyə nail olmaq istəyirsinizsə, qlobal və əhəmiyyətli məqsədlərə can atmaq lazımdır.

Ağrını hiss etməmək üçün bəzən diqqəti başqa yerə yönləndirmək lazımdır

Həkim Xinoxara əminliklə bildirib ki, xəstəxana və hospitallarda ciddi mühit olmamalıdır. Orada pasientləri xəstəliklərindən yayındırmaq üçün əyləndirici şərait yaratmaq lazımdır. Belə ki, onun hospitalında fəal şəkildə art terapiya və musiqili terapiyadan istifadə olunurdu. Bəzən xəstə, xüsusilə də uşaqların diqqətini başqa istiqamətə yönləndirmək onların ağrılarını rahatlaşdırır.

Həyatı mənəvi dəyərlərə xərcləməyə  can atmaq lazımdır

Həkim maddi rifah naminə var-dövlət yığmağı məsləhət görmürdü. Yer üzündə bütün canlıların müvəqqəti olduğunu unutmaq olmaz. Heç kəs nə qədər ömür sürəcəyi haqqında məlumata sahib deyil. Ola bilər ki, hər şey ani olar və heç bir  səltənət o biri dünyada sizə kömək edə bilməyəcək.

Ailə və cəmiyyətin rifahı üçün uzun ömür

105 il ömür sürən həkimin sözlərinə görə, təkcə şəxsi məqsədləri naminə  və ailənin rifahı üçün çalışmaq olmaz. Ehtiyacı olan hər bir kəsə təmənnasız, könüllü kömək göstərmək lazımdır. İstənilən çətin vəziyyətdə yadda saxlamaq lazımdır ki, sizdən də pis vəziyyətdə olanlar var və onların sizin köməyinizə ehtiyacı ola bilər.

Könül Cavid, “İki sahil”